Pirlər və ziyarətgahların daha səmərəli fəaliyyət göstərməsi üçün səmərəli təkliflər
Bir nəfər yaxın tanış kəndlərindəki pir haqqında ətraflı söhbət elədi. Pirin ta…
— Sən nə atılıb-düşürsən?
— O quşu tutmaq istəyirəm. Sonra onu qəfəsə salacağam, qabağına
dən tökəcəyəm. Qoy, o mənim üçün nəğmə oxusun.
— Sən quşu tut, qəfəsə sal, qoy o da sənin üçün nəğmə oxusun. Mən
də səni yoğun, dəmir çubuqlu qəfəsə salaram, deyərəm ki, oxu. Sən ora-bura qaçmağı
xoşlayırsan, qəfəsdə daha qaça bilməyəcəksən. Hava soyuq olacaq, amma sən
kölgədə qalacaqsan. Hava isti olacaq, sən günün altında bişəcəksən. Sonra biz
bir bazar günü çıxıb gedəcəyik, yaddan çıxarıb sənə yem verməyəcəyik, cümə
axşamından da tez qayıtmayacağıq. Qayıdanda görəcəyik ki, bizim sevimli
uşağımız əl-ayağını uzadıb acından ölüb. Oğlum, nə insanın, nə heyvanın heç
vaxt azadlığını əlindən alma. Azadlıq dünyanın ən böyük nemətidir. Qoy, hər kəs
üşüyəndə, gündə qızına bilsin, istidə və kölgədə otura bilsin.
Şarl
De Koster
“Ulenşpigel
əfsanəsi” əsərindən
Kolxoz bazarına getməyi, bazarda gəzməyi çox
sevirəm. Niyə? Bunu bilmirəm. Bir bəhanə tapıb həftədə iki dəfə, həftədə azı
bir dəfə bazara gedirəm. Sıraların arasında gəzirəm. Meyvələrə, tərəvəzlərə, balıqlara,
toyuqlara, müxtəlif şorabalara baxıram. Nəsə lazımdırsa, nəsə xoşuma gəldisə
alıram. Bazara getməyi, bazarda gəzməyi sevməyimin səbəbləri heç özümə də aydın
deyil. Bu barədə çox düşünsəm də heç bir məntiqli izahım yoxdur. Təkcə onu deyə
bilərəm ki, bazarda bolluq görəndə ürəyim açılır. Həm də bazarda gəzmək,
bazarın şeiriyyatı, səs-küyü, xaosu, satıcıların görünüşcə, xasiyyətcə
müxtəlifliyi məndə yaradıcılıq həvəsi yaradır. Neçə-neçə yazımın mövzusu
bazarda gəzərkən ağlıma gəlib. Bazarda gəzərkən yaddaşım qıcıqlanır. Yaddaşımın
qıcıqlanması, müxtəlif zamanlarda baş vermiş hadisələri xatırlamağım isə mənim
üçün çox vacib prosesdir.
Bəlkə də kolxoz bazarına qarşı bu məntiqsiz,
izahsız sevgi məndə uşaqlıqdan yaranıb. Bəndəniz uşaq olan zamanlarda adamlar
bazar günü bazara xüsusi təntənə ilə gedirdi. Adamlar bazar gününü, bazara
getməyi səbirsizliklə gözləyirdilər. Həftənin ara günləri bazarda məzar sükutu
hökm sürürdü. Ara günləri bazara ancaq yası düşən, ehsan verən, bu qəbildən
nəsə vacib işi, bazara əlahiddə, əlimyandıda ehtiyacı olan adamlar gedirdi. O
vaxtlar hər addımda mağaza, market, meyvə-tərəvəz köşkü yox idi və bu səbəbdən
bazar günü, bazara getmək adamlar üçün böyük əhəmiyyət daşıyırdı. Vəziyyət o
həddə çatmışdı ki, hətta bazar günü bazara getməyən adama bir az yazıq adam
kimi baxırdılar. Hansı kişinin necə ailə, necə arvad saxlamağı, necə xəsis,
necə səxavətli, necə zirək, necə təmbəl olması da bazarda bariz şəkildə
görünürdü. Bazar hər adamın mahiyyətini açıb qoyurdu ortalığa. Bazara getmək,
bazarlıq eləmək yol getmək kimi bir şey idi.
Bəzən şənbə günü nənəmgilə gedirdim. Özü də
birinci günün dərslərinə şənbə günü məktəbdən qayıdan kimi hazırlaşırdım. Belə
olduğu halda özümü daha rahat hiss edirdim , bazar günü mənə daha uzun
görünürdü. Bunu dəfələrlə sınamışdım. Birinci günün dərslərinə hazırlaşmağı
bazar gününün axşamına saxlayanda bazar günündən tam rahatlıqla həzz ala
bilmirdim. Ən optimal, ən rahat variant birinci günün dərslərinə şənbə günü
məktəbdən evə qayıdan kimi hazırlaşmaq idi.
Nənəmgilin evi rayon mərkəzinin girəcəyində
yerləşirdi. Bəzi kəndlərdən gələn avtobuslar rayonun içinə tam girmirdilər, elə
rayon mərkəzinin girəcəyində dayanırdılar. Ona görə yox ki, onları rayonun
mərkəzinə buraxmırdılar. Yox, sadəcə bu avtobusların üslubu belə idi. Kənddən
gəlib rayonun girəcəyində dayanırdılar, sonra alış-veriş edən adamları ordan da
götürüb, təzədən kəndlərə qaytarırdılar. Rayonun içinə tam girməyən avtobuslar
nanəmgilin evinin yaxınlığını özlərinə məskən seçmişdilər. Niyə məhz oranı? Əlbəttə,
rayon mərkəzinə tam girməyən avtobuslar hardasa dayanmali idi, amma buna
baxmayaraq yenə də “niyə məhz ora” sualı mənim üçün hələ də maraqlı sual olaraq
qalmaqdadır. Səhər obaşdan kəndlilərin bazara satmağa gətirdikləri toyuqların,
qazların, hinduşkaların səsi aləmi başına götürürdü. Arvadlar başlarında
bağlamalar, əllərində toyuq-cücə, qaz, hinduşka, ördək üz tuturdular bazara
tərəf.
İnanırsınız inanın, inanmırsınız da faciə
deyil (güya nəyə inanırsınız ki…), avtobusdan düşürülən meyvə-tərəvəzlərin ətri
səhər obaşdan bütün küçəyə yayılırdı. Orada, rayon mərkəzinə tam girməyən
avtobusların dayandıqları yerdə, yəni nənəmgilin evinin yaxınlığında bazar
günləri qəribə-qəribə hadisələr baş verirdi. Birdə görürdün ki, bazara
satılmağa getmək istəməyən toyuqlar, qazlar, ördəklər fürsət tapıb aradan
çıxmağa, qaçıb hardasa gizlənməyə cəhdlər edirdilər. Bu zaman bir neçə adam
bazarda satılmaq istəməyən, aradan çıxmağa, gizlənməyə çalışan toyuğun, qazın,
ördəyin dalınca qaçırdı. Hinduşkalar isə bazara satılmağa sakitcə gedirdilər.
Onlar öz aqibətlərini, talelərini, alın yazılarını rahatlıqla qəbul edirdilər.
Hər halda bazarda satılmaq istəməyən, aradan çıxmağa, qaçıb hardasa gizlənməyə
cəhdlər edən üsyankar hinduşka görməmişdim və hinduşkaların bu məzlumluğu adamı
istər-istəməz kədərləndirirdi. İndi, bazara satılmağa sakitcə gedən, öz
aqibətini, alın yazısını, taleyini rahatlıqla qəbul edən, qaçmağa, hardasa
gizlənməyə cəhdlər etməyən hinduşkaları xatırlayanda, paralel olaraq Don
Kixotun məhşur sözünü də xatırlamalı oluram: “Mən özümü taleyimə tapşırmışam,
qoy taleyim məni hara istəyirsə aparsın”.
Bazarın yuxarısında “stolovı” vardı. Ora
adamlar dəmir, ensiz pilləkənlə qalxırdılar. “Stolovı”dan bazarın dörd bir
tərəfinə kabab tüstüsü yayılırdı. O “stolovı” mənə gəmini xatırladırdı. Adama
elə gəlirdi ki, bu dəqiqə bu “stolovı” elə ətrafa kabab tüstüsü buraxa-buraxa
üzüb harasa gedəcək.
O vaxtlar belə bir qayda mövcud idi: bazarda
alış-veriş edəndən sonra kişilər “stolovı”da oturub kabab yeyirdilər, ən azı
çay içirdilər. Böyüklərlə, böyüklərin hesabına o “stolovı”da bir neçə dəfə
oturmuşdum. Amma həmişə o “stolovı”nı görəndə özümdən aslı olmadan arzularım
pərvazlanırdı. Arzu edirdim ki, tez böyüyüm, işləyim, maaş alım, əsl kişi kimi
gedib orda oturub ürəyim istəyən qədər kabab yeyim. Qismət olmadı. Qlobal
hadisələr, dava-qırğın imkan vermədi. Belə hallarda nə edə bilərik? Heç nə.
Əlimizdən təssüflənməkdən savayı heç nə gəlmir.
Bazarla bağlı yadıma düşən bir məqamı da
yazım, sonra adlayaq öz zəmanəmizə. İki rayonun düz ortasında bir kənd
yerləşirdi. Bu kəndin camaatı üçün hansı rayonun bazarına getmək xüsusi bir
əhəmiyyət daşımırdı. Ona görə də iki rayonun düz ortasında yerləşən kəndin
camaatı bazar günü çıxırdılar yol kənarına, hansı tərəfdən avtobus birinci
gəlirdisə, o avtobusa da minib bazara gedirdilər. Təki getməyə bazar olsun.
Sizə deyim ki, bu əməlləri, yəni bazar günü yol kənarına çıxıb birinci gələn
avtobusa minməkləri, onların ictimai-siyasi şüurlarına, ictimai-siyasi məzmunlu
məsələlərə baxışlarına da öz təsirini göstərmişdi. Məsələn, həmin kənddən
çıxmış iki qardaş indi ölkədə çox məhşurdur. Maraqlısı odur ki, bu qardaşlardan
biri müxalifət düşərgəsində, o biri isə iqtidar düşərgəsində özlərinə yer
tapıblar. Loru dildə desək, sanki çıxıblar yol kənara və hər biri birinci gələn
avtobusa minib, bazarlığa yollanıb…
***
Keçmişdən qayıtdıq öz zəmanəmizə. Bazardayam.
İtlər üçün sümük alıram. Quyruq da aldım. Qəssaba dedim ki, quyruğu doğra, küçə
itləri üçün alıram, acdırlar, hava da soyuqdur, sərhədlər bağlıdır, turistlər
gələ bilmir, indi küçə itlərinə yaşamaq çətindir. Qəssab bu sözlərimi eşidəndə
əlavə olaraq hardasa bir kilo quyruğu qoydu sümüklərin üstünə. “Bu da məndən itlərə
hədiyyə olsun” dedi. Qəlbimin dərinliklərinə qədər mütəəssir oldum. Bu kimi
hallar, bu kimi hərəkətlər mənim üçün çox qiymətlidir. Adamda yaşamağa həvəs,
insanlara qarşı inam yaradır. İndi bu hərəkəti qəssab Allaha görə etdi, Həzrəti
İsa xətrinə etdi, savab qazanmaq üçün etdi, ya nəyəsə görə etdi, bunu özü
bilər. Bunun məsələyə dəxli yoxdur. Əsas odur ki, etdi. Qəssaba şəxsim və
millətim adına təşəkkürümü bildirdim. Başqa cür də ola bilərdi. Məsələn, bir
başqa qəssaba desəydim ki, sümükləri, quyruğu küçə itləri üçün alıram, qayıdıb
adama ağıl verə bilərdi. Deyərdi ay qardaş, sənin işin-gücün yoxdur? Üzümə
deməsəydi də, yəqin mənə xiyar kimi də baxardı.
Təbiətcə kölə olan adamlar azad adamın
varlığına inana bilmədikləri kimi, heç nəyə inanmayan, hər şeydə təmənna güdən,
təmənnasız olaraq bir çöpü burdan götürüb ora qoymayan adamlar da, başqasının
təmənnasız bir iş görə biləcəyinə inana bilmirlər. Ağıllarına gəlmir həyatda
belə bir şey ola bilər.
Azlogos.eu