post-title

Başımıza enən sopa

Repetitorlar, keyfiyyətsiz dərsliklər, müxtəlif yığımlar və əzəli və əbədi təhsil naziri ilə assosiasiya olunan növbəti dərs ilinin sürprizi bir qrup dindardan gəldi. Əsasən orta məktəbdə oxuyacaq yaşda uşağının olması ehtimalı az olan gənc və perespektivli dindarlardan təşkil olunmuş bir dəstə, Təhsil Nazirliyi qarşısında fləş-mob stilində aksiya keçirdilər. Yaşıl sopalarla silahlanmış və bu silahları istifadə etməyə tərəddüd etməyən dindarlar sanki söhbəti birdəfəlik həll etmək əzmində idilər. Ölkədə dindarlığın yayılmasına yarıtmaz fəaliyyəti ilə öz töhfəsini verən bir nazirliyin hədəf seçilməsi isə ironik idi.

 

Ümumi olaraq onlara da aid olan, xüsusi olaraq maraqlarında olmayan vətəndaş hüquqları üçün etiraz etməyənlər, orta məktəb şagirdlərinin məktəbə hicabla gəlmə azadlığı uğrunda mübarizə aparırlar. Əgər “hüquqları” uğrunda mübarizə apardıqları məktəblilər onları kənardan izləsələrdi, çadra örtmələrinin belə şiddətlə  istənməsinin səbəbini çətin ki anlayarlardı. Çadra yerinə hicab sözünün istifadə olunması isə hərhalda çadranın sovet dövründən qalma neqativ assosiasiyasından qaçmaq üçündür. Aradakı texniki fərqlər nəzərə alınmasa, çadra və hicab mahiyyətcə eynidir.
 
Orta təhsilin yaş kateqoriyasına insanın yetkin sayılmadığı, imza atmaq icazəsinin olmadığı, hətta müəyyən məhsulların satılmasının və müəyyən yerlərə girişinin məhdudlaşdırıldığı bir yaş intervalı daxildir. Bu məhdudlaşdırma praktikasının arxasındakı mülahizə, bu yaş qrupunun müstəqil düşünmə və qərar vermə vərdişlərinin hələ formalaşmaması, əməllərinin məsuliyyətini hələ tam dərk etməmələri və asanlıqla təsir altına düşmələridir. Təhsil, dövlətin vahid dərs proqramı, dövlətçilik təmayülləri ilə ilkin tanışlıq və vahid uniforma ilə bütün vətəndaşlarını ortaq məxrəcə gətirdiyi, irəlidə müxtəliflik üçün sərbəst seçim edə biləcəyi intellektual bazanın verildiyi ən vacib sosiallaşma institudur. Bu mənada homogenlik bu institutun vacib xassəsidir.
 
Nəzəri olaraq dünyəvi və modern təhsil, Qərb mədəniyyətinin əsrlərlə təcrübədən keçirib zəruri bildiyi minimum intellektual vərdişlər və bilgilər toplusudur. Bu prosesdə şagirdlərin müxtəlifləşməsi deyil, minimum əsasda eyniləşməsi nəzərdə tutulur, müxtəlifləşmə texniki məsələ kimi, müəyyən istedad və bacarıq yönündə formalaşma kontekstində təşviq olunur. Demək artıqdır ki, istənilən insanın istədiyi kimi inanmaq və bu inanca görə yaşamaq hüququ var. Ancaq  azadlıq mütləq deyil, xüsusi bir azadlıq tələbi dövlətin əsas təsis prinsiplərini və digər vətəndaşların hüquqlarını təhlükəyə atmamalı və məhdudlaşdırmamalıdır. 
 
Təhsil nazirliyi qarşısındakı aksiya, “Şeytanın övladları”, “Şeytanın eşşəkləri” başlıqlı yazıları həvəslə verən, ancaq təhqir olunan inancsızlara və heretik inanclara sahib olanlara cavab haqqı tanımayan müxalif və müstəqil medya tərəfindən əli sopalı aksiyaçılara polis müdaxiləsini pisləyəcək şəkildə, aksiya sırf hakimiyyətə qarşı yönəldiyi üçün tərəf tutaraq işıqlandırıldı. Beləcə müxalif və müstəqil medyanın sekulyar düşüncəyə şiddətlə qarşı olduğu, ancaq sopalı dindarlara  simpatiya bəslədiyi ortaya çıxdı. Özünü demokrat sayanların da aksiya haqqında dəstəkləyici fikirləri, bu demokratların sabah sekulyar düşüncəni  sopalı aksiyaçı qarşısında müdafiə etməyəcəklərini düşünməyə əsas verir. Anlamaq istəmədikləri bir məqam, demokratiya uğrunda mübarizəyə şəriəti ortaq edəndə nəticənin demokratik dövlət deyil şəriət rejimi olacağıdır. Bu aksiya spontan da olsa, səslənən bəzi fikirlərə görə ölkə daxilindən ya da xaricindən siyasi məqsədlə təşkil olunmuş da olsa, əlinə mismarlı sopa almağa hazır, hərəkətinin səmimiliyinə şübhə etməyən, radikal və dözümsüz bir dindar nəslinin-aksiyanın sıravi iştirakçıları- mövcud olduğu həqiqətini dəyişmir. Əgər bu aksiya, iş yerində inanca görə təqibə-bizdə əksi mövcuddur, iş yerində insanlar inancsızlığa görə təqibə məruz qalırlar- ya da universitetdə inancın məhdudlaşdırılmasına qarşı olsaydı ona haqq vermək olardı. Hədəf, yetkinlik yaşının altındakı vətəndaşların təhsil arealıdır. Bu arealda seçim etmək imkanının olmadığı və birilərinin onların adından danışdığı, yanaşmanın məhz şəriət tələbli olduğunu göstərir.
 
Dində çadranın mahiyyəti zərif cinsi naməhrəm-aralarında nikahın potensial olaraq mümkün olduğu əks cinsin üzvü- baxışından qorumaqdır. Yetkinlik yaşına çatmamış qızlara çadra örtülməsi onları avtomatik olaraq bu kateqoriyalarla düşünməyə məcbur edər. Örtünməyən digər sinif yoldaşları da, örtünən yoldaşlarının nəzərində naməhrəm baxışına açıq hala gəlmiş olurlar.
 
Madam oğlan uşaqları erkən yaşda sünnət olur, deməli din onlara da fərz sayılmalıdır. O zaman normal geyinmiş müəllimələr də oğlan möminləri  yoldan çıxarmamaları üçün çadra örtməlidirlərmi? Yoxsa siniflər qız-oğlan olmaqla ayrılmalıdırlarmı?
 
Oğlan uşaqları təkkə qoymaq istəsələr necə olacaq?
 
Orduda da dini geyim hüququ istəyərlərmi?
 
Başqa dinin nümayəndələri də məktəbə öz dini geyimlərində gəlmək istəsə, siniflər dinlər muzeyinə oxşamazmı?
 
Dini simvollarla belə vizual zəngin məktəblərdə mövzular da cinlərin materiyası, mələklərin cinsiyyəti, orucu pozan şeylər, halal-haram, məhrəm-naməhrəm anlayışları ətrafında toplanmazmı?
 
Erkən yaşda  məhrəm-naməhrəm ayrımı  erkən evliliyə də yaşıl işıq yandırıb ona simpatiya yaratmazmı?
 
Çadra örtməyən qızlar və valideyinləri yarımçıq imanlı sayılmalıdırlarmı? Müxtəlif imanlara sahib şagırdlər arasında dini mübahisələr yaranmazmı? 
 
Yuxarıdakı sualların siyahısını uzatmaq olar.  Ancaq iki nəticəyə gəlmək olar. 21-ci əsrdə 6-cı əsrdə aktual olmuş mövzuların təhsilə mane olmaması məqsədiylə yetkinlik yaşına çatmamış insanlar üçün optimal olan tək tip geyim və tədrisdir. Orta məktəbi bitirdikdən sonra geyimini və inancını özü seçə bilər. İkinci olaraq yarımçıq şəriət yoxdur, bütün şəriət sıx toxunmuş sistemdir və tələblərin ardı kəsilməz, inancını tam yaşamaq-ictimai sahələr də daxil- istəyənlər bir addım sonra tam şəriət istəyərlər. 
 
Yaxşı bilirik ki dünyəvi sistem müəyyən məhdudiyyətlərlə bərabər düşüncə müxtəlifliyinə təminat verir. Ancaq heç kim şəriətin müxtəlifliyə dözümü olduğunu iddia edə bilməz. Tarix sadəcə irəliyə doğru getmir, bəzən geriyə doğru da irəliləyir. Bunun tarixdə nümunələri çoxdur. Bu gün ölkəmizdə müxtəlif cərəyanların yayılmasını dəstəkləyən dövlətlərin tarixi buna sübutdur. Ölkəmizdə şəriət istəyənlərin neçə faizinin bir şəriət dövlətinə mühacirət etmək istəyəcəyi də maraqlıdır. Hazırki dünyəvi dövlət modelləri hamının marağını, onları minimum məhdudlaşdırmaq və onlara maksimum azaqlıd veməklə şəriət rejimindən üstündür.
 
Bu arqumentləri dindarların qəbul edəcəyinə inanmaq çətindir. Cəmiyyətdə həmişə onu radikal istiqamətdə dəyişmək istəyənlər və buna müqavimət göstərənlər tapılacaq. Aydındır ki bu iki cəbhə öz mövqeyini dəyişməyəcək. Balansın ciddi şəkildə pozulması bu iki yanaşmadan kənar olanların-əsasən müstəqil həyata girmək üzrə olan məktəblilərin- kimin tərəfində olması ilə müəyyənləşəcək. Dindarlar  fərdi  mübarizə aparsalar da arxalarındakı güclər onlar üzərindən demoqrafiyanın  yeniyetmə və gənc qismi üçün sistemli mübarizə aparırlar. Biz isə öz növbəmizdə bu kəsimin təsir altına düşməməsinə çalışırıq. İndi təəssüf  ki dünyəvilərlə dindarların mübarizəsində fürsət bərabərliyi yoxdur və imkanlar birincilərin əleyhinə olmaqla xeyli asimmetrik paylanıb.
 
Əgər özünə demokrat deyənlər şəriətlə əməkdaşlıq etmiş cərəyanların aqibətinə nəzər salmaq istəsələr  buna yaxın tarixdə və yaxın coğrafiyada nümunələr tapa və nəticəsini analiz edə bilərlər. Ümid edək ki sekulyar dövlətdə hökümət, əlinə sopa alanların sayının polislərin sayından artıq olmadan başını qumdan çıxaracaq və inzibatı üsulla deyil, dünyəvi təhsilin etibarını ona qaytarmaqla prosesin qarşısını alacaq. 21-ci əsrin meydan oxumaları və problemləri 6-cı əsrin problemlərindən vacib və daha fərqlidir. Əgər hər şey olduğu kimi davam etsə, qısa müddətdə siyasi müxalifət dindarların mübarizəsində arxa planda qalmaqla onlardan mədət umacaq, hökümət isə qarşısında siyasi müxalifəti yox, dini mübarizəni görəcək. Onda havaya qalxmış yaşıl sopanın hamının təpəsinə enməsi an məsələsi olacaq.
 
Yalçın İslamzadə
Yuxarı